“Partners and Business” Baku 2022 sərgi-konfransı uğurla keçirildi
İyunun 16-da “Baku Crystal Hall”da start götürən “Partners and Business” Baku 2022 – yerli şirkətlərin tanıtım sərgi-konfransı uğurla başa çatıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Marsol” MMC-nin birgə təşkilatçılığı, “Kapital Bank”ın tərəfdaşlığı ilə keçirilən tədbirdə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələr üzrə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkət məhsul və xidmətlərini təqdim edib.
Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin daha geniş auditoriyaya təqdim olunması, yerli bizneslərin bazarlara çıxış imkanlarının artırılması, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və yeni biznes əməkdaşlıqlarının qurulması olub.
Tədbir üç gün ərzində böyük marağa səbəb olub və sərgini 20.000-dən çox ziyarətçi izləyib.
Sərgi çərçivəsində dövlət qurumları və sahibkarların iştirakı ilə geniş proqramlı konfrans da təşkil edilib. Konfransda iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, ASK-ın vitse-prezidenti Vüqar Zeynalov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, “Marsol” MMC-nin sədri Tural Mustafayev və özəl sektorun müxtəlif nümayəndələri çıxış ediblər.
Konfrans proqramı “Əmək münasibətləri və məşğulluq altsistemi – ƏMAS platforması”nın təqdimatı ilə davam edib. Sonrakı günlərdə tədbir çərçivəsində aşağıdakı mövzularda panel müzakirələri keçirilib:
- Dövlətin sahibkarlığın inkişafında mövcud dəstəkləri və perspektivlər
- Sahibkarların maliyyə kanallarına çıxış imkanları
- Regionlarda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq və investisiya perspektivləri