“Partners and Business” sərgisi uğurla baş tutdu

20–22 fevral tarixlərində Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə təşkil olunan “Partners and Business” sərgisi uğurla keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “Kapital Bank” və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə baş tutan sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər məhsul və xidmətlərini təqdim ediblər.

Sərgidə ümumilikdə 150-yə yaxın şirkət iştirak edib və üç gün ərzində sərgini 10 000-dən çox ziyarətçi izləyib. Tədbir həm biznes nümayəndələrinin, həm də geniş ictimaiyyətin böyük marağına səbəb olub.

Sərginin keçirilməsində əsas məqsəd yerli şirkətlərin daha geniş auditoriyada tanıdılması, onların məhsul və xidmətlərinin təqdim olunması, yeni bazarlara çıxış imkanlarının artırılması, yerli sahibkarlar arasında biznes partnyorluğunun gücləndirilməsi və yeni əməkdaşlıq əlaqələrinin formalaşdırılması olub.

Tədbir çərçivəsində B2B görüşlər, şirkət təqdimatları və müxtəlif biznes müzakirələri də təşkil olunub və iştirakçı müəssisələr üçün faydalı əməkdaşlıq imkanları yaradılıb.