Azərbaycanda illər boyu formalaşan etibar

Beta Şirkəti, 1993-cü ildən bəri Azərbaycan bazarında fəaliyyət göstərən ilk xarici çay markalarından biri olaraq, 30 ildən çoxdur ki, istehlakçıların güvəninə və rəğbətinə layiq görülür. Bu illər ərzində şirkət çay istehsalı sahəsində dayanıqlı inkişaf yolu keçərək, bazarda keyfiyyətin və peşəkarlığın simvoluna çevrilmişdir. Azərbaycanın cənub bölgəsinin, xüsusilə Lənkəran rayonunun əlverişli iqlim və torpaq şəraitində yetişdirilən yüksək keyfiyyətli çay yarpaqlarından hazırlanmış məhsullar “Azərbaycan Çayı” və “Xəzər Çayı” brendləri adı altında həm ölkə daxilində, həm də beynəlxalq bazarlarda istehlakçılara təqdim olunur. Bu çaylar yalnız özünəməxsus dadı və yüksək keyfiyyəti ilə deyil, həm də milli dəyərlərimizə, mədəni irsimizə və torpağımıza olan dərin bağlılığı ilə seçilir.

 

Yerli istehsal və kənd təsərrüfatına töhfə

Beta Şirkəti təkcə çay istehsalı ilə kifayətlənmir. Yerli resurslara əsaslanaraq “Belita” markası ilə bazara çıxardığı, tam təbii və kimyəvi maddələrdən uzaq Azərbaycan düyüsü, həm sağlam qidalanma, həm də ölkənin kənd təsərrüfatı sahəsində dayanıqlı inkişafına dəstəkdir.

Bu günə qədər şirkətin ümumilikdə 450 hektar əkin sahəsi mövcuddur. Bunlardan:

  • 218 hektar çəltik sahəsi,
  • 232 hektar çay plantasiyasıdır.

Bu 232 hektarın 27 hektarı Sinovlu, 39 hektarı Osaküçə ərazisində yerləşən əkili və məhsuldar çay plantasiyasıdır.
Qalan 166 hektarlıq sahə isə əvvəllər Keniyadan gətirilən toxumlarla əkilmiş, lakin iqlimə uyğun gəlmədiyi üçün istədiyimiz nəticəni verməmişdir.

Təcrübə, eksperiment və doğru yol seçimi

Uzunmüddətli inkişaf planları çərçivəsində, şirkət 4 il boyunca Keniyadan gətirilmiş yüksək sortlu çay toxumlarını ölkəmizdə sınaqdan keçirmişdir. Bu prosesə Türkiyə, Şri-Lanka və Keniyadan dəvət olunan mütəxəssislər də cəlb edilmişdir. Lakin iqlim şəraiti həmin toxumların yerli torpaqda uğurlu inkişafına imkan vermədi. Nəticə olaraq, şirkət yerli çay sortlarına üstünlük verərək, daha uyğun və məhsuldar nəticələr əldə etdi.

 

 

Genişlənmə niyyəti və gələcəyə baxış

Beşillik plan çərçivəsində Beta Şirkəti çay plantasiyalarının sahəsini 500 hektara, düyü əkin sahələrini isə 2000 hektara çatdırmağı qarşıya məqsəd qoymuşdur. Şirkət malik olduğu texniki imkanlar, müasir avadanlıqlar, peşəkar kadr heyəti və təcrübəli işçi qüvvəsi ilə daha genişmiqyaslı layihələrin həyata keçirilməsinə tam hazırdır.

Lakin bu genişlənmənin qarşısında əsas maneə – kifayət qədər torpaq sahələrinin mövcud olmamasıdır. Əgər ölkənin digər regionlarında münasib torpaq sahələri təqdim olunarsa, Beta Şirkəti yalnız çay və düyü deyil, pambıqçılıq və digər kənd təsərrüfatı sahələrində də böyük həvəslə fəaliyyətini genişləndirməyə hazırdır.

Sosial məsuliyyət və davamlı inkişaf

Beta Şirkəti Azərbaycanın bütün bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında yerləşən satış nümayəndəlikləri vasitəsilə geniş fəaliyyət göstərir.  Bu gün Beta Şirkəti ümumilikdə 1200-dən çox insana daimi iş imkanı yaradır. Təkcə Lənkəranda yerləşən fabrikdə 300 nəfər daimi əsasda çalışır. Əlavə olaraq, plantasiyalarda 150-yə yaxın əməkdaş fəaliyyət göstərir ki, onların bir qismi mövsümi — əkin və məhsul yığımı dövründə işə cəlb olunur, digər qismi isə daimi işçilərdir. Qadınların iqtisadi həyatda daha fəal rol alması, ətraf mühitin qorunması və “yaşıl dönüşüm” kimi təşəbbüslər Beta-nın əsas dəyərləri sırasındadır. Şirkət həmçinin elmi tədqiqatlara və innovativ texnologiyalara davamlı şəkildə sərmayə yatırır.

Beynəlxalq tanınma və mükafatlar

Beta Şirkəti dünyanın bir çox ölkəsində keçirilən beynəlxalq sərgi və tədbirlərdə uğurla təmsil olunmuşdur. 2023-cü ildə keçirilən beynəlxalq sərgidə “Ən Yaxşı Stand Dizaynı” və “Ən Yaxşı Performans” mükafatlarına layiq görülməsi, şirkətin yüksək keyfiyyətə, təqdimata və peşəkarlığa verdiyi önəmin  təstiqidir.

MƏQSƏDİMİZ:Dünyada çay sahəsində ilk 5 aparıcı brend sırasında yer almaq.

MİSSİYAMIZ: İnsanlara təbii, yerli və sağlam məhsullar təqdim etməklə sağlam həyat tərzini dəstəkləmək, davamlı inkişafa və ətraf mühitə töhfə vermək.

Ünvan: Ziya Bunyadov 20/61

Telefon: 0125140095/96

web: beta.az

E-mail: office@beta.az