Partners & Business Baku 2020
Fevralın 20-də Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə “Partners and Business” sərgisi təşkil olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “Kapital Bank” və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil, xidmət və sair sahələrdə yerli şirkətlər tərəfindən istehsal olunan məhsullar və xidmətlər təqdim edilir. Sərgidə 150-dək şirkət tərəfindən istehsal olunan məhsullar və xidmətlər nümayiş olunur. Məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.
KOBİA-nın idarə heyətinin sədrinin müavini Nadir Adilov, ASK-ın vitse-prezidenti Vüqar Zeynalov, “Kapital Bank” ASC-nin nümayəndəsi Fərid Hidayətzadə və “Marsol” MMC-nin təsisçisi Tural Mustafayev çıxış edərək sərginin yerli məhsulların tanıdılması və biznes tərəfdaşlığının inkişafında əhəmiyyəti barədə fikirlərini bildiriblər.
Sərgidə, həmçinin KOBİA-nın dəstəyi ilə sənaye, xidmət, turizm, logistika, inşaat, sənətkarlıq və sair sahələrdə 20-dək kiçik və orta sahibkarlıq subyektinin ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etməsi üçün xüsusi stend yaradılıb.